84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizədlərin bir neçəsi birləşərək, prezidentə şikayət yazıb. Onlar bildirir ki, artıq yerli icra orqanları namizədlərdən birinin xeyrinə qanunsuz addımlara başlayıb, bu da seçkiyə indidən kölgə salır.
Bizimyol.info xəbər verir ki, prezidentə şikayətdə bu dairədə icra hakimiyyəti orqanlarının namizədlərdən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı Vüqar Bayramovun təbliğatıyla məşğul olduğu iddia edilir.
“Füzuli Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, yerli icra nümayəndələri, rayonda fəaliyyət göstərən digər dövlət təsisatlarının rəhbərləri yanvarın 17-dən başlanan təşviqat prosesinə birbaşa müdaxilələr edir. Sanki bu seçki 84 saylı dairədə namizədlərdən yalnız biri - Bayramov Vüqar İbad oğlu üçün nəzərdə tutulub.
Sayı və əhatə dairəsi geniş olan bu məmur təbəqəsinin üzdəniraq fəaliyyəti nəticəsində təşviqat lövhələrindən tez-tez digər namizədlərin plakatları yoxa çıxır. Vüqar Bayramov üçün isə məxsusi görüşlər təşkil edilir, icra strukturlarında, səhiyyə, təhsil və digər bu kimi dövlət müəssisələrində çalışanlar həmin görüşlərin həm təşkilatçısı, həm də iştirakçısı qismində çıxış edir, hətta bu qanunsuzluğa qoşulmaq istəməyənlər təhdid olunurlar”, - deyə prezidentə məktubda bildirilir.
Şikayətçi olan namizədlərin sözlərinə görə, bu qanunsuzluqlar təşviqat mərhələsi başlanandan start götürüb. Təşviqat mərhələsinin ilk günü Sumqayıtda, növbəti gün isə Lökbatan qəsəbəsində Füzuli rayonundan olan seçicilərlə namizədlərin görüşləri nəzərdə tutulsa da, yalnız Vüqar Bayramov buraxılıb. Digər namizədlərə isə deyilib ki, onlar bu görüşlərdə Vüqar Bayramovun əyləşdiyi sırada otura, tribunaya çıxa, nitq söyləyə bilməzlər. Onlar ancaq seçicilər kimi zalda əyləşib dinləyə, ən yaxşı halda, Vüqar Bayramova sual verə bilərlər.
Prezidentə məktubda diqqət çəkən məqamlardan biri də aztəminatlı ailələrə verilən əməkhaqqı kartları ilə bağlıdır: “Rayonlarda, o cümlədən Füzuli rayonunda ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə əməkhaqqı kartları ayrılıb. Seçkiyə qanunsuz müdaxilə edən məmurlar Füzulinin aztəminatlı ailələrini hədələyib ki, Vüqar Bayramovu müdafiə etməsələr, həmin kartlardan məhrum olacaqlar”.
Şikayətçi namizədlər prezidentdən məmurların seçki prosesinə müdaxiləsinin qarşısının alınması üçün kömək istəyir.
Məktubda adı olan namizədlərdən Yusif Ağayev “Bizimyol.info”ya açıqlamasında prezidentə şikayət etdiklərini təsdiqləyib. O bildirib ki, məmurların seçki prosesinə davamlı müdaxilələrindən sonra bu addımı atmaq məcburiyyətində qalıblar.
Vüqar Bayramov 84 saylı dairədə seçki prosesinə onun xeyrinə müdaxilələr, rəqiblərinin bununla əlaqədar prezidentə şikayəti haqda Bizimyol.info-nun sualına belə cavab verib: "Hazırda seçicilərlə görüşdəyəm". Deputatlığa namizəd əlavə edib ki, seçicilərlə görüşdən sonra vaxt ayırıb suallara aydınlıq gətirəcək.