Bu günlərdə aktyor Azər Axşamın başına gələnlər barədə yəqin az- çox hamının xəbəri oldu. Xəbəri olmayanlara da xatırladım ki, kimsə məşhur aktyorun xanımının adından saxta hesab açaraq, onun adından milli qəhrəmanımız Mübariz İbrahimovun şəxsiyyətini çox nalayiq ifadələrlə təhqir edib. Saxta hesabla yalnız şəxsi məsələlər, şəxsi təhqirlər olsaydı bu məsələ bu qədər qabarmazdı, lakin xalqın sevgiylə xatırladığı şəhid və onun müqəddəs saydığı dəyərlərə toxunulması böyük narazılıq yaratdı. İşin içini bilməyənlər Azər Axşamı və ailəsini təhqir etdiər, bilənləri isə...
Bilənlər arasında mən də varam və Azər Axşamla söhbətim zamanı o mənə dedi ki, bu başına gələn ilk iş deyil, 83 yaşlı anasının adından saxta profil açaraq aktyorları təhqir ediblər.Və o DİN-ə müraciət etsə də problemi yaradanları tapa bilməyib.
Məni o gündən bir sual düşündürür. Əcəba bu məsələnin arxasından nə çıxacaq? Yəni bundan sonra kimin kimdən xoşu gəlmirsə saxta hesab açıb onun haqqında olmazın iftiralar yazmaqla, hətta kriminal xarakterli açıqlamalar verməklə onun həyatını risk və təhlükə altına ala bilərmi? Tutaq ki, Əlinin Vəlidən xoşu gəlmir, onu incitmək üçün ilanı Seyid Əhməd əli ilə tutmağa qərar verir. Vəlinin adından qulağı kəsib sonra sayan birisi haqqında ağzına gələni yazır, o da gəlib Vəlini öldürür. Bitdi. Ölkədə kimin kimdən xoşu gəlmirsə daha saçyoldusuna, dava – şavaya çıxmadan bu yolla vurub ya biabır edir, ya da döydürür. Və bu işin qarşısını almağa polisin gücü çatmır?!
Başqa bir məsələ də ağlımdan keçmədi deyil. Bu günlərdə müxalfətlə dövlət qüvvələri arasında sosial şəbəkələrdə söyüş , böhtan, başqa sözlə “troll” davası gedir. Siyasi trolların tutulması üçün öncə sadə xalqı ayağa qaldırmaq gərəkir? Yəni sadə insanlar da bu problemdən zərər çəksin, minlərlə şikayət getsin, saxtakarları həbs etmək və ya etdirmək şansı verilsin. Onların da arasında hamı əsl saxtakar olacaqmı? Qurunun oduna yaş da yanacaqmı? Ən adi şeylərdən öz maraqları naminə istifadə edib xal qazananlar, pul toplayanlar bundan yenə istifadə etməyəcəkmi?Bu əlbəttə bir versiyadır kimlərsə razılaşmaya bilər. Hər bir halda bu ortaya atılmış siyasi bir gediş də ola bilər.Bir xalqı, bir dövləti zəiflətmək üçün onu içindən oymaq ən rahat yoldur. Bu da dövlətin düşmənləri tərəfindən seçilmiş taktika da ola bilər, hansısa hadisələri unutdurmaq üçün ortaya atılan yeni müzakirə mövzusu da, böyük selin qabağınca gələn xəbərdaredici çör- çöp də.
Amma fakt budur ki, bu gün saxta feyk hesablarından edilən hücumların səbəbkarlarını tapmaq mümkün deyil. "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, hazırda Daxili İşlər Nazirliyi bu kimi hücumların arxasında gozlənən adamları tapmaqda çətinlik çəkir. “Məsələnin kriminal çalarları varsa bunun hansısa texniki həll yolları ola bilər. Lakin Facebook, Instagram, Yotube və bir çox sosial şəbəkələrin idarəçiliyi xarici dövlətlərdə olduğuna görə, onlardan informasiya almaq asan məsələ deyil. Məsələn Facebook məlumatların ötürülməsində bütün dövlətlərə eyni münasibət göstərmir. Azər Axşamın durunmuna düşən insanların hələlik tək çarəsi ya çıxıb açıqlama vermək, ya da dostları ilə bəraər böyük bir qrup tərəfindən saxta profili şikayət edərək bağlatdırmaqdan ibarətdi”.
Sosial media üzrə mütəxəssis Cavid Qasımov da Bizimyol.info-ya bildirib ki, kimlərinsə facebook hesabını qırıb onun yazışmalarını oxumaq , sahibini tapmaq barədə gəzən çox əfsanələr əslində elə şəhər əfsanələridir. “Bəlli bir yerdə oturan və serveri , eyni zamanda adı məlum olan şəxsin yazışmalarını müxtəlif üsullarla açmaq mümkün olsa da saxta profil sahiblərini tapmaq mümkünsüzdür. Çünki həmin şəxs xarici ölkədən də yaza bilər, yerini də tez- tez dəyişə bilər.Üstəlik bu işləri yaxşı bilən insan gizlənməyin də bütün yollarını bilir”.
Belə çıxır ki, hər kəs hələlik öz təhlükəsizliyini özü təmin etmək zorundadır. Yəni sadəcə ağılla hərəkət etmək, yayılan infomasiyalar barədə fikir yürütmədən öncə onu ölçüb- biçmək. İnternetin faydaları kimi gətirdiyi bəlaları da var. İnformasiya müharibəsi indi yeni şəkil almağa başlayıb.