
Qarabağın erməniəsilli əhalisinin yaşadığı ərazidə sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri cəmi 24 saatdan sonra Azərbaycanın burada konstitusiya quruluşunun bərpası, qondarma rejimin süqutu və separatçıların tam məğlubiyyəti ilə nəticələndi. Azərbaycanın bu qələbəsi ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyimiz ən böyük nailiyyətdir. Azərbaycanın rəşadətli ordusunun Qarabağda qanunsuz erməni hərbi birləşmələrinə qarşı həyata keçirdiyi lokal antiterror tədbirləri xalqımız tərəfindən böyük qürur hissə ilə qarşılanır. Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciəti zamanı antiterror tədbirlərinin səbəb və məqsədləri barədə geniş məlumat verdi. Ali Baş Komandan İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində Ordumuzun peşəkarlığı, döyüş ruhu, mükəmməl plan əsasında fəaliyyəti və bunların fonunda üzərinə düşən missiyanı şərəflə yerinə yetirməsi ilə bağlı səsləndirdiyi fikirlər hər birimizdə böyük qürur hissi yaratdı. Azərbaycan xalqına tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev antiterror tədbirləri, onun zəruriliyi, səbəbləri və nəticələri barədə fikirlərini açıqlamış, bu xüsusda baş verən hadisələri müxtəlif aspektlərdən təhlil edərək yeni şəraitdə qarşıda duran taleyüklü məsələləri diqqətə çatdırmışdır.
Bu müraciət, əslində, təkcə azərbaycan vətəndaşlarına deyil, həm də Qarabağda yaşayan erməniəsilli sakinlərə ünvanlanan bir ismarıcdır. Xalqa müraciətində də Prezident qeyd etdi ki, beynəlxalq vasitəçilər antiterror tədbirlərinin hansı şərtlər əsasında dayandırılacağını soruşduqda cavab konkret olub. Dövlətimizin başçısı deyib: “Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir”. Bundan sonra bizim şərtlərimiz qəbul edilib və bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə də məcbur oldular. Prezidentimizin dediyi kimi, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Azərbaycan hər zaman istədiyinə nail olur, hədəfləri reallığa çevirir. Təbii ki, bu uğurlara əsas verən ölkəmizin ədalətə və beynlxalq hüquqa söykənən siyasətidir: “30 illik işğal dövründə xalqımız hər zaman bu əminliyi ifadə etdi ki, dövlətimizin uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, bu ərazilərdə yeni həyat başlayacaq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin keçmiş məcburi köçkünlərlə görüşlərində onlar üçün yaradılan şəraitin müvəqqəti olması, tezliklə münaqişənin həll edilərək öz dogma yurd-yuvalarına qayıdacaqları ilə bağlı böyük inamla söylədiyi fikirlər, bu istiqamətdə atılan addımlar xalqın gələcəyə əminliklə baxmasını şərtləndirdi. Dövlət başçısı Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda genişmiqyaslı abadlıq və quruculuq işlərinin başlayacağından bəhs edərək gələcək xoş günlərin anonsunu verdi. Həm də revanşist hisslərə qapılanlara "Dəmir yumruğu" göstərərək hər nə qədər sülhü dəstəkləyiriksə, bir o qədər də iradəmizi reallaşdırmaq qüdrətində olduğumuzu bildirdi. Məhz antiterror tədbirləri zamanı ordumuzun döyüş mövqelərini tərk edənlərə atəş açmaması ölkəmizin sülhün yanında olmasının və dinc şəraitdə yaşamaq istəməsinin əyani göstəricisidir. Qarabağda lokal antiterror tədbirlərini uğurla başa çatdıran Azərbaycan ordunun gücünə və xalqın birliyinə güvənərək ərazi bütövlüyümüzün və dövlət müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində bütün gərəkən tədbirləri ardıcıl olaraq həyata keçirdi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çevik daxili və xarici siyasət, qətiyyətli diplomatik addımlar nəticəsində Azərbaycan bütün ərazisində konstitusion quruluş bərpa olundu. Eyni zamanda, 30 ildən artıq müddət ərzində qondarma rejimin girovuna çevrilmiş Qarabağ erməniləri də qaranlıq taleyə aparan yoldan geri qayıtmaq üçün fürsət əldə etdilər. Azərbaycan sübut etdi ki, bütün xoş niyyətlər, o cümlədən sülh uğrunda mücadilə yolunda heç kim onun qarşısında dura bilməz. Bu isə əminlik yaradır ki, Cənubi Qafqazda siyasi sabitliyin və inkişafın əsas qarantı olan qüdrətli dövlətimiz bu istiqamətdə qarşısına qoyduğu bütün məqsədlərinə tezliklə və böyük uğurla nail olacaqdır.
Hafizə Xudiyeva,
Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi, YAP fəalı