İyunun 11-də İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Baş Şurasının 31-ci iclası keçirilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı, BHİK və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti Səttar Möhbalıyev, AHİK-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Mehbalıyev və beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Röya Qarayeva iştirak ediblər.
Baş Şuranın gündəliyinə fövqəladə qurultayın keçirilməsinə hazırlıq məsələsi daxil edilib.
Xatırladaq ki, bu il martın 11-də Brüsseldə keçirilən 30-cu iclasda Qurultayın keçiriləcəyi tarixə kimi Baş katib vəzifəsini icra edəcək şəxsi təyin etmək, eləcə də BHİK Konstitusiyasının yenidən və daha geniş nəzərdən keçirilməsi məsələsi müzakirə edilmişdi. Daha sonra Konstitusiyanın XXXI(e) maddəsinə uyğun olaraq, aprelin 27-də BHİK-in prezidenti və sədr müavinləri tərəfindən aparılmış məsləhətləşmələrdən sonra Baş Şura üzvlərinin təsdiqi ilə fövqəladə qurultaya kimi Baş katib vəzifəsinin icrası Luk Triangla tapşırılmışdı.