fotofakt

Əbədiyyətə qovuşan zamanın 2023-cü - Heydər Əliyev İli

Tarix:11-05-2023, 14:30
Baxış Sayı:67


2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycanın inkişafının böyük bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zaman ötdükcə Onun Azərbaycanın inkişafı naminə gördüyü işlərin miqyası daha dərindən dərk olunur. Prezident İlham Əliyev 29 sentyabr 2022-ci il tarixində “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb.

Sənəddə oxuyuruq: Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü

Ulu öndər Heydər Əliyevin bir neçə onillik ərzində və həm də müxtəlif ictimai-siyasi formasiyalarda, fərqli ideoloji çərçivələr daxilində Azərbaycana uğurla rəhbərlik etməsi, respublikanı daim inkişafa istiqamətləndirməsi lider şəxsiyyətin tarixdəki yeri və böyük rolu barədə konkret təsəvvür yaradır. Dünya ölkələrinin təcrübəsindən, keçdiyi yoldan da bəlli olduğu kimi, liderlər həmişə insanları yeni, mütərəqqi ideyalar ətrafında səfərbər ediblər, onları mübarizəyə ruhlandırıblar, bəzən tarixin axarını belə dəyişiblər, prosesləri cəmiyyətin sosial sifarişlərinə istiqamətləndiriblər. Ulu öndər Heydər Əliyevin həm keçmiş sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycanın rəhbəri kimi fəaliyyəti də məhz bu kimi taleyüklü məqamlarla səciyyələnir.

Fitri istedada, yüksək idarəçilik qabiliyyətinə malik olan Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsi keçmiş sovet dönəminə təsadüf edir. 1969-cu ilin 14 iyulunda keşməkeşli tarixə malik Azərbaycan üçün taleyüklü hadisə baş verdi. Həmin tarixdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) növbəti plenumunda sonralar Vətən naminə çoxşaxəli fədakar fəaliyyəti, müdrikliyi və cəsarəti sayəsində xalqımızın Ümummilli Lideri səviyyəsinə yüksələn Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri oldu.

Bu təyinatdan sonra respublikamızın həyatında yeniliyə, inkişafa doğru dönüş başladı. Heydər Əliyev qısa müddətdə respublikamız barədə keçmiş ittifaqda yaranan stereotipləri dağıtmağa, rejimin buxovlarını məharətlə sındıraraq milli dirçəlişə, yeni intibaha, gələcəkdə müstəqil yaşamağa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail oldu. Azərbaycanın gələcək inkişafı baxımından güclü iqtisadiyyat qurulmasının önəmini yüksək dəyərləndirən Heydər Əliyev qısa müddətdə respublikamızı keçmiş ittifaqın aqrar əlavəsindən çıxardaraq yüksək texnologiyalı sənaye inkişafına istiqamətləndirdi. Heydər Əliyev öz nüfuzundan istifadə edərək bir sıra ümumittifaq əhəmiyyətli iqtisadi layihələrin məhz Azərbaycanda reallaşdırılmasına nail olurdu. Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində tənəzzül meyilləri aradan qaldırıldı, neft və qaz ehtiyatlarından səmərəli istifadə edilməsi milli inkişafa mühüm töhfələr bəxş etdi.

Eyni zamanda, Heydər Əliyev respublikada aqrar sektoru da sənaye əsasında inkişaf etdirməyə, intensiv metodların tətbiqi yolu ilə bir sıra istiqamətlərdə, o cümlədən də gəlirli sahə olan pambıqçılıqda, üzümçülükdə məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılmasına nail oldu. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi.

Ulu Öndərin azərbaycanlı gəncləri keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərməsi uzaqgörənliyin və milli təəssübkeşliyin zirvə nöqtəsi sayıla bilər. Ümumilikdə Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksəkixtisaslı mütəxəssis hazırlandı. Sonradan həmin kadrlar müstəqil Azərbaycana ləyaqətlə xidmət göstərdilər.

Heydər Əliyevin Azərbaycanın sabahı naminə misilsiz fəaliyyəti bütün mühüm istiqamətləri əhatə edirdi. Bu sırada Ulu Öndərin milli mədəniyyətə, ədəbiyyata, Azərbaycan dilinə böyük qayğısını xüsusi qeyd etmək lazımdır. Milli ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə ulu öndər Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi 13 il ərzində (1969-1982) məqsədyönlü şəkildə yaratdığı zəngin irs növbəti mərhələdə müstəqil Azərbaycanın iqtisadi və mədəni əsaslarına çevrildi. Heydər Əliyev sonradan keçmiş ittifaqın rəhbərliyində təmsil olunanda da bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Bütövlükdə, onun zamanında yaratdığı zəngin irsdən kənarda müstəqil Azərbaycanın nə iqtisadiyyatını, nə də mədəniyyətini təsəvvür etmək mümkün deyil. Prezident İlham Əliyevin imzaladığı Sərəncamda Ulu Öndərin keçmiş sovet dönəmində Azərbaycana rəhbərliyi belə səciyyələndirilib: “Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir”.

Heydər Əliyevin böyük missiyası - müstəqilliyimizin xilası

Heydər Əliyevin Vətən və xalq qarşısında mühüm xidmətlərini sadalasaq, böyük bir siyahı alınar. Bu sırada Onun böyük missiyasını- müstəqilliyimizi fitnə-fəsadlardan, xain hücumlardan qorumasını, xilas etməsini isə ayrıca diqqətə çatdırmaq lazımdır. Tale elə gətirdi ki, həmişə Azərbaycanın müstəqilliyini arzulayan, bütün şüurlu fəaliyyətini bu istiqamətdə quran və yuxarıda qeyd etdiyimiz kimi, bunun üçün fundamental əsaslar yaradan Heydər Əliyev respublikamızın ötən əsrin 90-cı illərinin əvvəllərində əldə etdiyi müstəqilliyini qorumaq missiyasını da elə Özü yerinə yetirdi. O dövrün mənzərəsini göz önündə canlandıraq. Xaos, iqtisadi və siyasi böhran, vətəndaş qarşıdurması, torpaqlarımızın işğal altına düşməsi, cəmiyyətdəki sabahkı günə ümidsizlik müstəqilliyin ilk illərində ölkəmizi səciyyələndirən əsas cəhətlər idi. Bir tərəfdən, zorakılıq yolu ilə hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarının səriştəsizliyi nəticəsində ölkədə yaranan vətəndaş qarşıdurması, digər tərəfdən isə, Ermənistanın respublikamıza qarşı elan olunmamış müharibə aparması, havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməsi Azərbaycanı, sözün əsl mənasında, ölüm, ya qalım dilemması ilə üz-üzə qoymuşdu. Vəziyyət o qədər ciddi hal almışdı ki, hətta müstəqilliyin itirilməsi təhlükəsi də real idi.

Müstəqilliyimiz, respublikanın gələcəyi üçün həmin böhranlı günlərdə xalq son ümidini sınanmış oğlu Heydər Əliyevə bağlayaraq təkidlə Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb edirdi. Bütövlükdə, Azərbaycanın inkişaf salnaməsini yazan Ulu Öndər bu dəfə də xalqının yanında olmağa qərar verərək iyunun 9-da Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir qədər sonra isə Milli Məclisin qərarı ilə Ulu Öndər Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. Dövlət başçısının imzaladığı Sərəncamda Heydər Əliyevin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövr taleyüklü mərhələ kimi səciyyələndirilib: “Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir”.

Xalqın sonsuz ehtiramı

Sərəncamda vurğulandığı kimi, Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir.

Təmsil etdiyi xalqın məhəbbətini və inamını qazanmaq liderin, siyasi xadimin əldə edə biləcəyi ən böyük uğurdur. Bu mənada, deyə bilərik ki, Heydər Əliyev xoşbəxt bir dövlət xadimi olub. O, hələ sağlığında ikən xalqın qəlbində əbədiyaşarlıq qazanmışdı. Sərəncamda Heydər Əliyevə bütün dünya azərbaycanlılarının inamının və rəğbətinin böyük olduğuna diqqət çəkilərək vurğulanıb: “Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir”.

Azərbaycan xalqı Heydər Əliyev ideyalarına sonsuz inamını 2003-cü il oktyabrın 15 keçirilən seçkilərdə Onun siyasi varisini - İlham Əliyevi dəstəkləməklə bir daha təsdiqlədi. Ulu Öndər 1 oktyabr 2003-cü il tarixli müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərirdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Xalq seçkilərdə Ulu Öndərin çağırışına səs verdi - İlham Əliyev seçicilərin 76 faizinin etimadını qazandı. Bu, bir tərəfdən ölkə vətəndaşlarının İlham Əliyevin bundan əvvəl müxtəlif vəzifələrdəki səmərəli fəaliyyətinə verdiyi yüksək qiymət idisə, digər tərəfdən də Heydər Əliyev ideyalarına sədaqətin, bağlılığın, bu ideyaları daim Azərbaycanın başı üzərində görmək istəyinin ifadəsi idi. Prezident İlham Əliyev dövlət başçısı statusunda fəaliyyətə başlayarkən bəyan etdi ki, Onun üçün bundan sonra əsas vəzifə Heydər Əliyev siyasətini davam etdirmək olacaq. Azərbaycanın xoşbəxtliyi ondadır ki, Prezident İlham Əliyev Ulu Öndərin siyasətinin ardıcıllığını uğurla təmin edir. Sərəncamda vurğulandığı kimi, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

Əlbəttə, Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması şərti səciyyə daşıyır. Bu böyük şəxsiyyətin ideyaları və əməlləri hər hansı bir məhdudiyyət tanımır. Onun zamanı respublikamızda əbədiyyətə qədər davam edəcək. Ulu Öndərin Özü də buna inanır və deyirdi: Mən Azərbaycanda əbədi olacağam.

“Azərsu” ASC-nin Bağlar su-kanal idarəsinin rəisi
Fərmayil Vəliyev

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı