Azərbaycanda bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanılır. İdman siyasətinin düzgün müəyyən olunması sayəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub.
Ölkəmizdə idmana dövlət tərəfindən daim yüksək səviyyədə qayğı göstərildiyi, uşaq və yeniyetmələrin fiziki inkişafı istiqamətində mühüm layihələrin, Dövlət proqramlarının həyata keçirildiyi məlumdur. Məhz dövlətimizin bu qayğısının nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarış və turnirlərdə parlaq qələbələr əldə etməkdə, Azərbaycan bayrağını zirvələrə daşımaqdadırlar. Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimizin 7-si qızıl olmaqla toplam 16 medal qazanması faktı da bunun ən böyük isbatıdır. Azərbaycan güləşçiləri bu nəticə ilə yalnız Avropanı deyil, bütün dünyanı heyrətləndirdi. Avropa çempionatında güləşçilərimizin əldə etdiyi qələbənin əhəmiyyətini artıran, onu təkrarsız və əvəzedilməz edən bir sıra amillər var ki, bunlardan ən önəmlisi idmançılarımızın böyük əksəriyyətinin rəqibləri üzərində aşkar üstünlüklə qələbə qazanaraq çempionatın ən ali pilləsində qərarlaşması faktıdır.
Dövlət başçısı güləşçilərimizin bu nailiyyətini hər bir azərbaycanlı üçün qürur mənbəyi, dövlətimizin qüdrətinin idman müstəvisində növbəti dəfə nümayiş etdirilməsi kimi səciyyələndirib. Bu baxımdan, güləşçilərimizin əldə etdiyi bu tarixi zəfəri, sözün həqiqi mənasında, dövlətin və dövlət başçısının etimadına layiq qələbə adlandırmaq olar. Bir neçə gün bundan əvvəl Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmiş, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılarımız bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Bu, böyük qələbədir, böyük nailiyyətdir. Avropada istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Amma Azərbaycan güləşçiləri bu dəfə milli idman növünü təbliğ etmişlər, çünki güləş bizim ənənəvi idman növümüzdür. Güləşin çox böyük ənənələri vardır və bu ənənələr yaşayır. Azərbaycanda idmana göstərilən yüksək qayğının nəticəsi olaraq bu gün respublikamızda ona böyük maraq var.
Azərbaycanda idmandan, ənənəvi və qədim idman növlərindən danışanda ilk növbədə yadımıza güləş düşür. Bu, heç də təsadüfi deyil. Çünki Azərbaycanın bütün dövrlərdə məşhur güləşçiləri olub. Keçmiş sovet dövründə idmanın bu növü üzrə təmsilçilərimiz SSRİ yığma komandasının tərkibində müxtəlif mötəbər yarışlarda iştirak edərək layiqincə çıxış ediblər. Təsadüfi deyil ki, Azərbaycanın adı bu gün dünyanın aparıcı güləş ölkələri sırasında çəkilir. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, dünyanın ən möhtəşəm idman tədbiri olan Olimpiya Oyunlarında əldə etdiyimiz qələbələrin əksəriyyəti məhz güləş növünün payına düşür.
Prezidentin Bolqarıstanda və Macarıstanda keçirilmiş Avropa çempionatında uğur qazanan güləşçilərimizlə görüşməsi, onları təbrik etməsi, qarşıda duran vəzifələr, görülən işlər haqqında ətraflı danışması, idmançılar üçün bütün vacib əlverişli şəraitin yaradıldığını və gələcəkdə də yaradılacağını vurğulaması faktının özü dövlət başçısının idmana və idmançılara nə qədər böyük diqqətlə yanaşdığını göstərir. Bu baxımdan, hər iki görüşü birmənalı olaraq idmançılar üçün ən böyük mənəvi stimul hesab etmək olar. Əminliklə demək olar ki, dövlət başçısının idmançılara göstərdiyi bu qayğı onlara böyük ruh yüksəkliyi bəxş etməklə yanaşı, idmançılarımızın məsuliyyət hissini də artıracaq, onları qarşıdakı yarışlara mənəvi-psixoloji baxımdan daha effektiv hazırlaşmağa sövq edəcəkdir.
Vüsal Cavadov,
Pəvləvan güləşi üzrə üçqat Dünya və Avropa çempionu