Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. İdmançılarımızın istər kütləvi, istərsə də fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. Azərbaycanın beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirdi.
Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədidir. Əlbəttə ki, dövlət vətəndaşların idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Bu mənada hər bir azərbaycanlının idmana maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir. Təbii ki, dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də Vətənimizin sağlam gələcəyi deməkdir. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır. Dünyanın qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir. İdmanın bütün sahələrinin inkişaf etdirilməsi Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.
Milli komandalarımız son bir ayda iki Avropa çempionatında ölkəmizi uğurla təmsil ediblər. Belə yarışlardan birində - Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatında idmançılarımız möhtəşəm uğura imza ataraq, 7 qızıl, 2 gümüş, 7 bürünc olmaqla, ümumilikdə 16 medal qazanıblar. Bu nəticə həm medalların sayına, həm də əyarına görə U-23 Avropa çempionatları tarixində Azərbaycan güləşində rekord göstəricidir
Bir neçə gün bundan əvvəl Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirdilər. Onlar böyük qələbə ilə Vətənə qayıtdılar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırdılar. Bu medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazanmışdır. Komandalarımız həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə Avropada birinci oldular. Bu, böyük qələbə və böyük nailiyyətdir. Azərbaycan bu yarışda 3 qızıl, 6 gümüş və 7 bürünc medal olmaqla 16 medal qazanmışdır. Bəli, bu gün idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edərək qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın bütün ölkələrində tanınır. Bu sahədə qazanılmış uğurlu nəticələr Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bir daha təsdiqləyir.
Azərbaycanda idmanın inkişafı və bu sahədə qazanılan nailiyyətlər təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini də gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı. Biz buna nail olmuşuq. İdmançılarımız müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Bu isə bir xalq olaraq arxamızda müdrik siyasətçinin, dahi liderin və hər zaman vətəninin gənclərinə inanan bir rəhbərin olmasından qaynaqlanır.
Prezident İlham Əliyevin idmana dövlət qayğısı və diqqəti nəticəsində Milli Olimpiya Komitəsinin qazandığı nüfuz, göstərdiyi fəaliyyət beynəlxalq idman təşkilatları tərəfindən dəstəklənir və ən yüksək qiymətə layiq görülür. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli davamçısı- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Seymur Məmmədov,
Beynəlxalq dərəcəli hakim, IV Dan Qara Kəmər sahibi,
Milli Karate Federasiyasının rayon üzrə nümayəndəsi