Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etdiyi dövrdə digər sahələr kimi idman da tənəzzülə uğramışdı. Tanınmış idmançılarımız öz ustalıqlarını artırmaq, həmçinin beynəlxalq miqyaslı yarışlarda iştirak etmək üçün xarici ölkələrə üz tuturdular. Yalnız Ulu Öndər Heydər Əliyevin ölkəyə qayıdışından sonra idmana və idmançılara qayğı artdı. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi.
2003-cü ildə keçirilən prezident seçkilərində ölkə rəhbəri seçilən cənab İlham Əliyev idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi istiqamətində qətiyyətli addımlar atdı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda qazandıqları uğurlar sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanındı.
Son illərin idman nailiyyətlərinə nəzər yetirdikdə bir daha şahidi oluruq ki, Azərbaycan bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü təsdiq edib. Başqa sözlə, idmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. Heç kəsə sirr deyil ki, 44 günlük Vətən müharibəsi savaşında əldə olunan qələbələrdə idmançılarımızın da payı az olmadı. Hər zaman beynəlxalq arenalarda bayrağımızı yüksəklərə qaldıran çempionlarımız bu dəfə işğal altında olan əzəli torpağımız Qarabağda bayrağımızın dalğalandırılmasında yaxından iştirak etdilər. Onlar idman arenalarında olduğu kimi gərgin döyüşlərdə də mərdlik, qorxmazlıq və şücaət göstərərək adlarını qızıl hərflərlə zəfər salnaməsinə əbədi olaraq yazdılar.
İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı üçün konkret addımlar atmışdır. Bu gün də bu siyasət davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılara olan hörmət cəmiyyətdə yüksək səviyyədədir. İdmançıların məişət problemlərinin həlli məsələləri yüksək səviyyədə təşkil edilir. Bütün bu amillər həm idmanın inkişafına böyük təkan verir, eyni zamanda, gənclərdə, yeniyetmələrdə, uşaqlarda idmana marağı artırır. İdman sağlam cəmiyyətin formalaşmasında əsas şərtlərdən biridir. Müxtəlif beynəlxalq miqyaslı yarışlarda fərqlənənlər nəinki ad-san, nüfuz qazanır, həm də təmsil etdikləri ölkəni dünyada tanıdırlar. Hazırda Azərbaycan dünyada özünün idman sahəsindəki uğurları ilə seçilən ölkələrdəndir. Müxtəlif idman klublarında, cəmiyyətlərdə məşq edən idmançılar özlərinin sağlamlıqlarının qayğısına qalmaqla yanaşı, həm də gələcəkdə ən nüfuzlu turnirlərdə bayrağımızı dalğalandırır, himnimizi səsləndirirlər.
Bu gün ölkəmizdə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi, vətənpərvərlik ruhunda yetişməsi dövlətin əsas prioritetlərindəndir. Təbii ki, bu istiqamətdə idmanın rolu danılmazdır. İnsanların asudə vaxtının səmərəli təşkili, uşaq və gənclərin sağlam ruhda tərbiyə almaları üçün hər cür şərait yaradılıb. İdman və bədən tərbiyəsinin kütləviləşməsində klubların, idman məktəblərinin rolunu xüsusi qeyd etmək lazımdır. Hazırda paytaxt Bakıda və bölgələrdə müxtəlif idman növləri üzrə klublar fəaliyyət göstərir. Həmin klublarda yüzlərlə uşaq, yeniyetmə və gənc idmanla məşğul olur. Gənc nəslin sağlam yetişməsi üçün hər il ölkəmizin müxtəlif regionlarında yeni idman sağlamlıq müəssisələri, olimpiya idman kompleksləri tikilib istifadəyə verilir, idman infrastrukturunun yenilənməsi istiqamətində də tədbirlər görülür.
İdmançıların böyük dostu və hamisi olan Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, görülən işlər idman ictimaiyyətinin nümayəndələri tərəfindən yüksək qiymətləndirilir, eyni zamanda, bu sahədə əldə edilən nailiyyətlər təqdir olunur. Əlbəttə ki, bu təsadüfi deyil, çünki Azərbaycanda çoxsaylı idman yarışları, o cümlədən Avropa və dünya çempionatları, Olimpiya və qeyri-olimpiya idman növləri üzrə yarışlar keçirilir.
Bu gün idmançılarımız beynəlxalq yarışlarda qalib gəlmiş müzəffər xalqı təmsil edir. Hazırda qalib ölkənin qalib idmançıları ilə qələbənin xoşbəxtliyini yaşayırıq. İdman sahəsində qazanılan qələbələr, Azərbaycanın bayrağının yüksəyə qaldırılması, Dövlət himnimizin səsləndirilməsi hər bir gəncdə qürur hissi yaradır.
Cavid Quliyev,
Gənclər arasında boks üzrə Avropa çempionu