
Azərbaycan tarixinin ən şərəfli, qürurverici səhifələrindən biri, bəlkə də birincisi olan II Qarabağ müharibəsində Azərbaycan Ermənistanı diz çödürdü və 44 gün davam edən bu müharibə 30 illik münaqişəyə son qoydu. Qalib bir dövlətin vətəndaşı olmaq başqa bir hissdir. Bugün bütün dünya bizdən danışır, bizim qəhrəmanlığımıza qibtə edir. Asan olmadı, amma biz bunu bacardıq. Biz bu qələbəni ilk öncə vətən uğrunda canından keçmiş şəhidlərimizə və sağlamlığını itirmiş qazilərə, müharibədə iştirak etmiş igid oğullara borcluyuq. Onlar torpağımızı işğalçılardan addım-addım, kənd-kənd azad etdi və bayrağımızı işğaldan azad edilmiş torpaqlarda dalğalandırdı. Xüsusilə də, Şuşanın işğaldan azad edilməsi bu işdə ən böyük amil oldu. Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyırdı. Həmçinin, Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəblərindəndir.
44 günlük müharibəyə 10 noyabr 2020-ci ildə tarixində üç ölkənin dövlət rəhbəri tərəfindən - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Üçtərəfli bəyanat imzalandı. Tarixi əhəmiyyəti olan bu bəyanat bizim şanlı qələbəmizin göstəricisidir. Belə ki, Bəyanatda Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edildi. Bununla da, uzun illər davam edən işğala son qoydu, regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm addım oldu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Bu tarixi sənədin ən önəmli bəndi bu idi ki, ərazisi xeyli böyük olan Kəlbəcər, Laçın və Ağdam rayonları şəhid vermədən, qan tökülmədən qaytarıldı. Belə ki, üç tərəfin imzaladığı 10 noyabr 2020-ci il bəyanatının razılaşdırılmış ifadələri, açıq şəkildə erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını qeyd edir və heç bir şəkildə hərbi qulluqçuların yerdəyişməsi və yerləşdirilməsini nəzərdə tutmur. Eləcə də, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirildi. Prezident İlham Əliyev Üçtərəfli bəyanatının tarixi əhəmiyyətini bu sözlərlə vurğulayıb: “Həm Azərbaycan xalqına, həm də Ermənistan xalqına sülh şəraitində yaşamağa, müharibənin vurduğu yaraları sağaltmağa çalışmağa, gələcək barədə, birgə gələcək barədə bizim üçün, qonşularımız üçün təhlükəsiz gələcək barədə düşünməyə çalışmağa imkan verəcək və bununla da regionumuzda təhlükəsizliyin möhkəmlənməsi işinə töhfə verəcək qərarlara nail ola bilmişik.”
Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan Bəyanat Azərbaycanın maraqlarına tam uyğun hazırlanıb. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Bu bəyanatın imzalanması ilə bütün dünyaya elan olundu ki, Qarabağa heç bir status verilmir və “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur, olmayacaq da. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.
44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik.
Yazımı Azərbaycan Prezidenti cənab İlham Əliyevin artıq bir şüara çevrilmiş sözləri ilə bitirmək istəyirəm: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan!”
Vüqar Ağayev,
Salyan rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri