2020-ci ilin 10 noyabrı Azərbaycan tarixinin unudulmaz səhifəsinə çevrildi. "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır” -deyən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında bəyanat imzalandı. Ondan bir gün əvvəl qeyd etdiyimiz parlaq qələbəmiz bu bəyanatın imzalanmasının səbəblərindən birinə çevrildi. Şuşa işğaldan azad edildi. Qarabağın tacı olan Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda çox böyük mənəvi məna daşıdı. Şuşanın azad edildiyi gün – 8 noyabr Prezidentin sərəncamı ilə Zəfər Günü elan edildi.
Ermənistanın məğlubiyyətini rəsmi şəkildə təsdiq edən bu bəyanat Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının, məğlubedilməz ordumuzun şanlı qələbəsinin nəticəsidir. Xalqımız böyük təntənə ilə qeyd etdi bu şad xəbəri. Bütün dünya gördü ki, Ermənistan dövləti yalnız Azərbaycan dövləti və xalqı qarşısında məğlub olmadı. Haqqın, ədalətin önündə məğlubiyyətə uğradı. Uzun illərin torpaq həsrətinə bu bəyanatın imzalanması ilə son qoyuldu. Kapitulyasiya aktı hərbi meydanda aparılan savaşa son verdi. 44 günlük müharibədə qazandığımız tam qələbə bu bəyanatdan sonra qan tökülmədən Ağdam, Laçın, Kəlbəcər rayonlarının qaytarılmasına da müvəffəqliyimizi təmin etdi. Düşmən texnika və canlı qüvvə sarıdan ciddi zərbələr aldı. «Basılmaz», «məğlubedilməz» Ermənistan Ordusu haqqında yaradılan mif də darmadağın edildi.
44 günlük savaşda xalq-iqtidar-ordu birliyi bütün dünyaya bir məqsəd, bir amal uğrunda birləşməyin nümunəsini göstərdi. Könüllü cəbhəyə gedənlər, ön cəbhəyə yardıma tələsənlər, ümumiyyətlə, hər bir vətəndaş qələbəni yaxınlaşdırmaq üçün əlindən gələni əsirgəmədi, hər gün yayımlanan şad xəbərlərə sevindi, uğurlarla qürurlandı. Dilindən, dinindən, millətindən asılı olmayaraq yaşadıqları ölkənin əzəli torpaqları uğrunda savaşlarda şücaət göstərənlər ərazi bütövlüyümüzün təmin edilməsində qəhrəmanlıqları ilə seçildilər. Misli görünməmiş həmrəyliyimiz qələbəmizi bizə bir addım da yaxınlaşdırdı. Birliyimiz ən böyük sərvətimizə çevrildi.
Şuşanın azad edilməsi, üstəgəl səhəri gün, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun sanki beli qırıldı. Paşinyan bu bəyanata çox miskin, çox acınacaqlı durumda imza atdı. Bizim Ali Baş Komandanımız isə özünün dediyi kimi, böyük fəxarət və sevinc hissi ilə bu bəyanatı imzaladı.
Bu bəyanat uzun illər davam edən işğala son qoymaqla, imkan verdi ki, işğal altında olan digər rayonlarımız - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Ümumilikdə imzalanan bəyanatın bütün bəndləri Azərbaycan tərəfinin xeyrinə işlənmişdi. Möhtərəm Prezidentimizin, Ali Baş Komandanımızın qətiyyəti qarşısında Ermənistan rəhbərliyi torpaqlarımızı qeyd-şərtsiz tərk etməklə çıxış qrafikini də təqdim etdi. Və hər birimiz sevindik ki, Qarabağa heç bir status verilmədi. Ümumiyyətlə, “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazinin yoxluğu barədə bənd ondan xəbər verdi ki, Qarabağın bütün rayonları digər rayonlarımız kimi, Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir.
Şəhidlərimizin qanı, canı bahasına savaş meydanında qazandığımız qələbə siyasi müstəvidə də xalqımızın xeyrinə həll olundu. Mövcud olan status-kvonu itirilmiş torpaqlarımızın geri qaytarılması ilə qazanmış olduq.
Hər bir azərbaycanlı bilirdi ki, bizim ordumuz Qafqazda ən güclü ordudur. Həm müasir silahlanma, həm böyük ruh yüksəkliyi, həm də döyüş taktikası sarıdan. Ordumuzun təminat, təchizat baxımından mənfur qonşularımızdakından daha üstün olması amilləri qələbəni şərtləndirdi. Misli görünməmiş şücaətlər göstərən Silahlı Qüvvələrimiz dünya hərb tarixində yeni səhifələr açdılar. Düşünülmüş hərbi strateji manevrlər, müasir silahlardan istifadə döyüş meydanında düşmənin texnikasını çökdürdü, canlı qüvvəsini məhv etdi. Əslində bütün bunlarla ordumuz bütün dünyaya döyüş maketini nümayiş etdirdi.
Tarixi qələbəmizin qazanılmasında qardaş Türkiyənin mövqeyi danılmazdır. Türkiyə bizə hərtərəfli dəstəyi ilə dünyaya bəyan etdi ki, hər zaman bizim yanımızdadır. Qardaş ölkənin bizimlə həmrəyliyi döyüşçülərimizin ruh yüksəkliyini artırdı. Qələbəni bizə daha yaxın etdi. 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki ölkə arasında əlaqələri ən yüksək səviyyədə olmasından xəbər verir. Tarixi qələbədən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki dəfə Qarabağda oldu. Sonuncu dəfə isə oktyabrın 26-da Füzuli beynəlxalq hava limanının açılışında, Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq, Zəngəzur dəhlizinin təməlqoyma mərasimində iştirakı, Prezident İlham Əliyevlə birgə bəyanatla çıxışı sarsılmaz birliyin, qardaşlığın möhkəm tellərlə bağlı olduğunu bir daha siyasi arenada göstərdi.
Tarixdə saysız müharibələr, savaşlar var ki, möhtəşəm qələbələrlə sonuclanıb. II Qarabağ müharibəsi isə bu savaşlar, döyüşlər içində şanlı, parlaq, ədalətli qələbəsi ilə seçiləcək. Çünki böyük həmrəyliyə, birliyə malik qalib xalq adını yaraşdırdıq özümüzə. Qürurlu, fəxarətli səslənən, tarixə qızıl hərflərlə yazılan “Qalib Azərbaycan xalqı” adı yüz illərcə oxunan qəhrəmanlıq səhifəsi olacaqdır.
Təyyar Nəsirli,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Salyan rayon «Qələbə» qəzetinin məsul katibi