2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanat regionda yeni siyasi reallıq yaradıb. Müvafiq hüquqi baza yaradan həmin bəyanatı ümumxalq birliyinin təntənəsi adlandırmaq olar. Bəyanat bir daha sübut etdi ki, prosesdə qalib dövlət Azərbaycandır və şərtləri yalnız Azərbaycan diqtə edir. Azərbaycan ordusunun zəfər yürüşünün nəticəsi olan bu sənəd ölkəmizin maraqlarına xidmət edir.
10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Bəyanatın imzalanması ilə uzun illər davam edən işğala son qoyulmuş, münaqişənin hərbi mərhələsi başa çatmış və Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən geri qaytarılmışdır. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələnmiş, düşmənin texnikası tam məhv edilmiş, canlı qüvvəsinə ciddi zərbə vurulmuş və Ermənistan ordusu darmadağın edilmişdir.
Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan bu Bəyanat Azərbaycanın maraqlarına tam uyğun şəkildə hazırlanmışdır. Ali Baş Komandan İlham Əliyevin qəti mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Bəyanata əsasən Qarabağa heç bir status verilmir. Artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir.
Beləliklə, Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istədiyinə nail oldu. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir. Bəyanatın beşinci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradıldı. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərir. Beləliklə Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır.
Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru yolla rabitənin olmaması böyük çətinliklər yaradırdı. Bu baxımdan Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi isə Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunacaqdır. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində nəyə isə təminat vermək iqtidarına malik deyil.
Bəyanatda digər diqqəti cəlb edən məqamlardan biri də qaçqın və məcburi köçkünlərin geri qaytarılması faktıdır. Cənab Prezident dəfələrlə bildirib ki, qaçqın və məcburi köçkünlər geriyə-öz yurd-yuvalarına qayıtmalıdır. Bu qayıdış üçün çoxlu işlər görülməlidir: ərazidə infrastruktur bərpa olunmalı, beynəlxalq güclər öz öhdəliklərini yerinə yetirməli, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin iştirakı ilə bu proses reallaşmalı və hər bir insan öz evinə ləyaqətlə qayıtmalı, ləyaqətli yaşayış imkanlarına malik olmalıdır.
Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atan Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində tədbirlər görür.
Starə Təhməzova
Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktoru