Liviyada qiyamçı Həftər qruplaşmasının Tripoli hava limanı ətrafındakı növbəti hücumunu şərh edən siyasi şərhçi Tural İsmayılov vurğuylayıb ki, Həftər beynəlxalq imperializmin Aralıq dənizindəki rezervləri qəsb etmək üçün son kartıdır:
“Təsəvvür edin ki, Liviyada sakitlik hökm sürmür və beynəlxalq güclər hələ də suala tapa bilmir ki, Həftıər kim idi, necə ortaya çıxdı və ən əsası necə feldmarşal rütbəsinə qədər yüksəldi? Bir zamanlar Qəddafinin sosial sabitlik şəraitindəki ölkə qurmağından narahat olanlar təəssüf ki, Liviyaya demokratiya yerinə, ancaq dağıntı və tələfat bəxş etdi. Liviyanın bütün ehtiyatları dağıdıldı, qanuni Sarac hökümətinə qarşı birləşənlər arasında yalnız qlobal siyasi güclər deyil, nüfuzlu neft konsorsiumları da var. Bu durum bizim nə qədər ədalətsiz və bəlli bir qrup siyasi beyin mərkəzləri tərəfindən yönəldilən dünyada yaşadığımız həqiqətini bir daha ortaya qoyur. Liviyadakı təbii ehtiyatlar və Aralıq dənizindəki sərvətlərə çıxış imkanları üzündən bir ölkə hələ də öz daxili sabitliyinə qovuşa bilmir. Necə ki Yaxın Şərqdə və dünyanın digər bölgələrində də həmin bu xaos hələ də davam edir. Çünki istismar bitməyib, öz cəmiyyətlərini xoşbəxt edənlərin başqa cəmiyyətlərdəki süqutu vasitə kimi istifadə etməsi acı reallıqdır.”
Liviyadakı vəziyyəti stabilləşdirmək üçün Berlin və Moskva konfransılarının önəmli olduğunu vurğulayan siyasi şərhçi Həftərin bu görüşlərə etimadsızlıq göstərməsinin düşündürücü olduğunu söyləyib:
“Burda incə bir məqam var. Rəsmi Tripoli və qanuni hökümət Türkiyənin də dəstəyiylə beynəlxalq hüququn tələblərinə uyğun davranaraq təcili nizamlama istəyir. Sarac başa düşür ki, uzunmüddətli gərginlik Suriyadan da betər bir mənzərə yarada bilər. İŞİD quruldu, YPG yaradıldı və Suriyanın neft ehtiyatları dağıdıldı, ondan öncə İraq tarimar edildi. Qlobal imperializm uydurma nağıl deyil, real gerçəklikdir. Düşünün ki, Həftər ən yüksək ali rütbə olan feldmarşal rütbəsini belə öz xalqından almayıb. Onun qiyamçı dəstələrindəki müsəlman liviyalıların sayı xarici muzdlu döyüşçülərdən 3 dəfə azdır. Həftərin Moskvada masadan qalxması, Berlində heç bir anlaşmaya imza atmaması başadüşüləndir. Çünki o dünyanın başqa siyasi qütbləri tərəfindən istifadə olunur. Məsələnin digər tərəfi də var. Bu da Liviyanın alternativ coğrafi dividentlərinin cəlbedici olması ilə bağlıdır. Liviya Afrikadan Avropaya üz tutan miqrantların əsas tranzit ölkəsi olaraq qalır. Liviyanın böyük bir hissəsində anarxiya hökm sürdükcə, qeyri-leqal qaçaqmalçılar öz gəlirli biznesləri ilə məşğul olur, miqrant alveri şəbəkəsindən sayısız maliyyə axını lazımlı hesablara yönəldilir”.
Beynəlxalq təşkilatların Liviya hadisələrinə lazımlı reaksiya verməməsini labüd hesab edən ekspert qeyd edir: “Bu vaxta qədər AB və BMT Təhlükəsizlik Şurası Həftərin hərbi yollarla ölkənin cənubunu və mühüm neft yataqlarını ələ keçirməsini sakitcə izləyir. Liviya Yaxın Şərqin bir sıra böhranlı dövlətlərindən fərqli olaraq öz əhalisini təmin etmək üçün kifayət qədər resursa malik olub. Burada münaqişələr hansısa ideyaya söykənmir. Buradakı əhalini də hansısa siyasi ekstremizmlə aldatmaq mümkün deyil. Söhbət daha çox ölkənin sərvətinə, ilk növbədə neftinə kimin nəzarət edəcəyindən gedir. Fasiləsiz iddialı ritorikalarına baxmayaraq, Həftər və digər hərbi qüvvələrin liderləri iqtisadi maraqların ruporlarıdır. Həftər 80-ci illərdə Amerikaya mühacirət edib və Liviyaya 20 ildən sonra - 2011-ci ildə Qəzzafi devrilib öldürüldükdən sonra qayıdıb. Çox düşünməyə ehtiyac qalırmı görəsən?”
Ekspert bundan sonrakı hadisələri proqnozlaşdırarkən bildirir ki, qanuni Sarac iqtidarı və Həftər arasında hansısa razılaşma olmalıdır. Bu razılaşma istənilən halda onların simasında siyasi güclərin növbəti əl sıxması olaraq tarixə keçə bilər. Liviyadakı qarışıqlığı Qərb imperializminin oynadığı rəzil tamaşanın növbəti pərdəsi hesab edən ekspert bundan sonra Aralıq dənizi ətrafında daha maraqlı hadisələri izləyəcəyimizi bildirib.